Qlobal iqtisadi güc mübarizəsi: Rusiya bazarlarına çıxış uğrunda yarış

Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18-21 iyun tarixlərində baş tutacaq. Sayca XXVIII olan foruma bu il də dünya ölkələri tərəfindən yüksək maraq var.
Qeyd edək ki, XXVIII Sank-Peterburq Beynəlxalq İqtisadi Forumun diqqət mərkəzində qlobal təlatüm şəraitində ümumi istiqamətlərin axtarışı, əməkdaşlıq modellərinin yenidən nəzərdən keçirilməsi, həmçinin davamlı inkişafın əsaslarının formalaşdırılmasıdır.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, beynəlxalq ictimaiyyətə Rusiyanın Qərbdən müstəqilliyini nümayiş etdirən bir platformadır. Bu, artıq ötən illərdə baş tutan formlarda da açıq şəkildə görünüb və bəyan edib.
Foruma qatılacaq ölkələrə gəldikdə isə, burada əsas diqqət çəkən məqam Asiya və Sakit Okean ölkələrinin, Latın Amerikasının, Yaxın Şərq ölkələrinin və Türkiyənin qatılmasıdır.
Onu da qeyd edək ki, Türkiyə ötən iki form çərçivəsində iqtisadi əməkdaşlıq baxımından Rusiya ilə ən çox müqavilə imzalayan ölkələrdəndir. Türkiyənin yenidən bu forumda iştirakda maraqlı olması yeni iqtidasi və strateji müqavilələrin imzalanacağını deməyə əsas verir.
Müasir dünyada iqtisadi üstünlük qazanmaq, yeni bazarlara daxil olmaq və beynəlxalq iqtisadi proseslərdə aktiv iştirak etmək dövlətlərin əsas prioritetlərindən birinə çevrilib. Bu məqsədlə ölkələr beynəlxalq iqtisadi platformalarda fəal iştirak edərək, strateji üstünlüklər əldə etməyə çalışırlar. Xüsusilə də son illərdə Qərbin sanksiyaları nəticəsində yaranan boşluqlar fonunda Rusiya bazarları beynəlxalq diqqət mərkəzinə çevrilib.
Hazırda müxtəlif dövlətlər Rusiya ilə iqtisadi əməkdaşlıq qurmaq və onun bazarlarına daxil olmaq üçün ciddi rəqabət aparır. Bu prosesdə isə əsas fürsətlərdən biri iyunun 18-dən 21-dək Sankt-Peterburqda keçiriləcək XXVIII Beynəlxalq İqtisadi Forum – SPIEF-2025 hesab olunur.
Ənənəvi olaraq “Roskonqress” fondunun təşkilatçılığı ilə baş tutan və dünyanın iqtisadi dairələrində nüfuz qazanmış bu Forum, Rusiya üçün beynəlxalq iqtisadi gündəliyin formalaşdırılmasında mühüm rol oynayır. SPIEF təkcə müzakirə platforması deyil, eyni zamanda yeni əməkdaşlıqların qurulduğu, müqavilələrin bağlandığı və iqtisadi strategiyaların müəyyənləşdiyi qlobal tədbirdir.
Bu ilki Forumun məzmunu da kifayət qədər əhatəlidir. Rusiya Prezidentinin müşaviri və Forumun Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov bildirib ki, tədbir davamlı inkişaf, rəqəmsal transformasiya və iqlim dəyişikliyi kimi qlobal çağırışlara cavab olaraq koordinasiyalı yanaşmaların vacibliyini gündəmə gətirəcək. SPIEF-2025 həm də dünyada yaranan yeni iqtisadi reallıqlara uyğun adaptasiya mexanizmlərinin müzakirə olunacağı önəmli bir mərhələ olacaq.
Sankt-Peterburq Forumu illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq, qarşılıqlı maraqlar və iqtisadi inteqrasiya üçün effektiv və etibarlı platforma kimi çıxış edir. Tərəfdaş ölkələr buraya yalnız dialoq üçün deyil, konkret iqtisadi nəticələr əldə etmək niyyətilə qatılırlar.
2023-cü ilin nəticələri bunu bir daha təsdiqləyir. Həmin il keçirilən Forumda 130 ölkədən 17 mindən çox iştirakçı fiziki və virtual formatda bir araya gəldi. Tədbir çərçivəsində ümumi dəyəri 3 trilyon 860 milyard rubl (təxminən 43 milyard ABŞ dolları) olan 900-dən artıq saziş imzalandı. Bu isə Forumun sadəcə simvolik deyil, real iqtisadi çəkisinin göstəricisidir.
Diqqətçəkən məqamlardan biri də budur ki, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələrinin nümayəndələri belə, Sankt-Peterburq Forumuna qatılmaqda maraqlıdırlar. Ekspertlərin fikrincə, bu tədbir dünyanın əsas iqtisadi fikir mübadiləsi platformalarından birinə çevrilib və beynəlxalq səviyyədə yüksək etimad qazanıb.
2025-ci ildə keçiriləcək Forumda iştirak edəcəklərini artıq bir sıra ölkələr rəsmən açıqlayıblar. Çin, İran, Hindistan, Türkiyə, Afrika ölkələri, Venesuela, Oman, Qazaxıstan, Abxaziya, Azərbaycan, Qırğızıstan və digərləri tədbirdə nümayəndə heyətləri ilə iştirak etməyi planlaşdırırlar. Bu ölkələrin Forum çərçivəsində həm çoxtərəfli müzakirələrə, həm də ikitərəfli iqtisadi danışıqlara qoşulacağı gözlənilir.
SPIEF-2025, təkcə Rusiyanın iqtisadi gələcəyi üçün deyil, həm də onun bazarlarında mövqe tutmaq istəyən ölkələr üçün mühüm mərhələdir. Bu baxımdan, iyun ayında baş tutacaq bu Forumun nəticələri yaxın illərdə qlobal iqtisadi əlaqələrdə yeni dinamikanın başlanğıcı ola bilər.

6230 views