Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığını hədəfə alanlara “Haber Global”dan ciddi REAKSİYA

İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır. Maraqlıdır ki, bu xəbərlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü öncəsi yayılır.

Sosialmedia.az  xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalında yayımlanan süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, hər iki liderin görüşü ərəfəsində yenə eyni dairələr səfərbər olublar.

“İsrailin Fələstinə hücumlarını bəhanə edərək Türkiyə-Azərbaycan dostluğunu hədəfə almağa cəhd edilir. Təxribatçılar Azərbaycanın irəli sürdüyü möhkəm faktlara, rəsmi açıqlamalara məhəl qoymurlar”, – deyə süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, iki ölkənin inkişaf edən münasibətlərini gözü götürməyən bəzi dairələr Azərbaycanı hədəf alan xəbərlər dərc edirlər. Azərbaycanı İsrailyönlü göstərməyə çalışan bu qruplaşmalar Türkiyə ictimaiyyətini təxribata çəkmək istəyir.

“Bu yaxınlarda növbəti dəfə oxşar ssenari həyata keçirildi. Həmin kampaniya ayın 28-də iki ölkə liderinin iştirakı ilə işğaldan azad edilən Laçında inşa edilən Beynəlxalq Hava Limanının açılışına təsadüf etdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi. İndi üfüqdə daha bir vacib görüş gözlənilir. Söhbət Azərbaycanın dəstəyi ilə tikintisi başa çatdırılan “Azərbaycan Məhəlləsi”nin təhvil verilməsi hadisəsindən gedir. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu mərasimdə birlikdə iştirak edəcəklər. Göründüyü kimi, bu görüşdən əvvəl qardaşlıq əlaqələri bir daha hədəfə alınır”, – deyə videosüjetdə qeyd olunur.

Müəllif xatırladır ki, mətbuat vasitəsi ilə həyata keçirilən müxtəlif təxribatlara baxmayaraq, Azərbaycan hər zaman Fələstinin haqlı mövqeyini dəstəkləyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. İlham Əliyev Fələstinin ədalətli tələblərini hər zaman dəstəklədiklərini və bu dəstəyin davam edəcəyini vurğulayıb. Humanitar yardımların davam etdiriləcəyini söyləyən İlham Əliyev Azərbaycan və Fələstin xalqları arasında qardaşlığın olduğunu vurğulayıb”, – deyə süjetdə qeyd olunur.

Süjetdə müəllif qeyd edir ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam edir. Media vasitəsilə aparılan qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluq hər keçən gün daha da möhkəmlənir. Bu qardaşlığı böhtan və qarayaxma ilə pozmaq mümkün deyil.

29 views