BAMF-da vətəndaş cəmiyyəti təşkilatlarının BMT-də rolu barədə təlim keçirilib

İyulun 11-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatlarının BMT-nin insan hüquqları üzrə müqavilə qurumları və Universal Dövri İcmal prosedurlarındakı rolu” və “İnsan hüquqları sazişləri üzrə müqavilə qurumlarının (komitələrin) funksiyaları” mövzularında iki təlim keçirilib.

Sosialmedia.az xəbər verir ki,  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilmiş təlimdə, ümumilikdə, 24 nəfər QHT nümayəndəsi iştirak edib. Sessiyada BMT-nin müqavilə qurumlarından, onların əsas funksiyalarından, şikayət və hesabatlılıq prosedurlarından və QHT-lərin rolundan danışılıb.

 

Sonra iştirakçılar arasında danışılan mövzular ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə, eyni zamanda, müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq və aktivliyi ilə seçilən təşkilatların ECOSOC-da üzvlük qazanmalarına dəstək göstəriləcək.


66 views