"Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib

“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib – FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyul tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin səkkizinci Sosial Media Marketinqi (SMM) təlimini təşkil edib.

Sosialmedia.az  xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, bu təlimin əsas məqsədi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını artıraraq onların müasir əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdır:

“Əlilliyi olan şəxslərin rəqəmsal mühitdə özlərinə yer tapmaları üçün bilik və bacarıqlarını sistemli şəkildə artırmağa çalışırıq. SMM təlimləri sadəcə nəzəri biliklərlə məhdudlaşmır, praktik tapşırıqlarla onların real iş mühitinə uyğunlaşmasına şərait yaradır. Bu cür bacarıqlar, xüsusilə sosial sahibkarlıq, onlayn satış və rəqəmsal iş imkanlarında iştirak baxımından vacibdir. Gələcək mərhələlərdə daha ixtisaslaşmış təlimlərin keçirilməsi planlaşdırılır”

Təlimdə SMM üzrə təlimçi Pərvanə Fərhadqızı Meta Business Suite, Ads Manager, Instagram reklamları, hədəf kütlə seçimi və büdcə optimallaşdırılması mövzusunda təqdimatla çıxış edib.

İştirakçılar Facebook səhifələrinin idarə olunması, admin hüquqları, kontent strategiyası və təhlükəsizlik barədə də bilik əldə ediblər. Praktiki tapşırıqlarla real nümunələr üzərində işləyərək reklam yerləşdirmə və kontent paylaşımı bacarıqları qazanıblar.

“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində keçirilən bu təlimlər əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını və sosial-iqtisadi inteqrasiyasını gücləndirməyə yönəlib. Layihə çərçivəsində yeni texnologiyalar və onlayn xidmətlər üzrə təlimlər də planlaşdırılır.

"Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib
 

128 views