“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində sonuncu SMM təlimi keçirilib – FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 19 iyul 2025-ci il tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində doqquzuncu və sonuncu Sosial Media Marketinqi (SMM) təlimi təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, təlimlə bağlı məlumat verən İctimai Birliyin sədri Səbinə Kərimova bildirib ki, layihə müddətində keçirilən təlimlər əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarının artırılmasına və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir:

“Bu təlimlər vasitəsilə iştirakçılar müasir sosial media alətlərini öyrənməklə yanaşı, öz biznes ideyalarını təqdim etmə və tanıtmaq imkanlarına da yiyələniblər. Layihə rəqəmsal texnologiyalarla sosial-iqtisadi inteqrasiyaya dəstək məqsədi daşıyır və bu istiqamətdə uğurlu nəticələr əldə olunub.”

QHT.az saytının əməkdaşı, SMM üzrə təlimçi Pərvanə Fərhadqızı bu mərhələdə TikTok alqoritması, TikTokda reklam yerləşdirilməsi, Facebook reklam kitabxanasında rəqib analizi və Facebook təhlükəsizliyi mövzularında təqdimatla çıxış edib.

Təlimdə iştirakçılar sosial media platformalarında effektiv kontent strategiyalarının hazırlanması, auditoriya ilə düzgün ünsiyyətin qurulması, sosial mediada reklamların məqsədyönlü istifadəsi və rəqəmsal təhlükəsizlik qaydaları barədə ilkin vərdişlərə və praktik biliklərə yiyələniblər.

Qeyd edək ki, “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində keçirilən bu təlimlər əlilliyi olan şəxslərin rəqəmsal cəhətdən gücləndirilməsi, məşğulluq potensialının artırılması və onların cəmiyyətə fəal inteqrasiyasına mühüm töhfə verir.

Təlimin sonunda iştirakçılarla xatirə fotoları çəkilib və layihənin uğurla başa çatması qeyd edilib.

93 views