Sosialmedia.az

Sumqayıtda yas məclislərində ehsan verilməsi LƏĞV EDİLƏCƏK?

Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Sosialmedia.az-ın məlumatına görə, tezliklə bütün rayonlarda ehsan süfrələrinin verilməsinin dayandırılması gözlənilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov sayta açıqlamasında qeyd edib ki, bu ənənə ölkənin bütün bölgələrində tətbiq edilməlidir:

“Digər bölgələr də mərhələli şəkildə bu qaydalara əməl etməlidir. Biz bu məsələni birdəfəlik həll etməliyik. Çünki bu gün insanlar bu vəziyyətdən əziyyət çəkirlər. Yas mərasimlərində əbəs yerə böyük məbləğdə vəsait xərclənir və xüsusilə də maddi imkanı zəif olan şəxslər bu vəziyyətdən ciddi şəkildə zərər görürlər. Ona görə də bu cür təşəbbüslərin başlanması və belə bir prosesin həyata keçirilməsi olduqca önəmlidir və düşünürəm ki, yalnız alqışlanmalıdır”.

C.Məmmədovun sözlərinə görə, bu məsələnin iki həlli yolu var:

“Birincisi, insanların özlərinin anlayaraq bu prosesə daxil olması, onu dərk etməsi və bu israfçılıqdan könüllü şəkildə imtina etməsidir. İkinci yol isə inzibati üsullarla aparıla bilər. Düşünürəm ki, ən düzgün, ən sağlam yol insanların bu prosesi şüurlu şəkildə başlatması və bu addımları könüllü olaraq həyata keçirməsidir. Sevindirici haldır ki, cəmiyyət artıq bu prosesə özü başlayıb və bu gün insanlar könüllü şəkildə bu yola gedirlər”.

33 views