İsti hava şəraiti diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaradır.
Sosialmedia.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, isti hava və günəş altında qalmaq orqanizmdə şəkərin səviyyəsini həm yüksəldə, həm də kəskin şəkildə endirə bilər.
Həkim izah edir ki, yüksək temperatur şəraitində insan orqanizmində kapilyarlar genişlənir, nəticədə də insulin daha sürətli ifraz olunur. Bu vəziyyət xüsusilə insulin qəbul edən xəstələrdə hipoqlikemiya (şəkərin kəskin düşməsi) riskini artırır.
Eyni zamanda, istidə orqanizmin susuz qalması (dehidratasiya) bəzi hallarda şəkərin səviyyəsinin 15–20 mmol/l-ə qədər qalxmasına səbəb ola bilər.
Əlavə təhlükə isə ondan ibarətdir ki, istiyə bağlı simptomlarla hipoqlikemiyanın əlamətləri üst-üstə düşə bilər, yəni başgicəllənmə, tərləmə və halsızlıq həm günvurma, həm də şəkərin düşməsi ilə əlaqəli ola bilər.
Endokrinoloq aşağıdakı tədbirləri tövsiyə edir:
– Gündə ən az 4–6 dəfə qlükozanın səviyyəsini yoxlayın;
– Əgər mümkündürsə, davamlı qlükoza monitorinq sistemlərindən istifadə edin;
– İnsulin dozasını iqlim və həyat tərzinə uyğun tənzimləyin;
– İnsulin pompası istifadə edənlər üçün infuziya dəstini hər 2 gündən bir dəyişmək tövsiyə olunur;
– İynə vurulan nahiyələrə diqqət yetirin, istidə kapilyarların genişlənməsi insulinin təsirini sürətləndirə bilər.
Həkim yay mövsümündə diabet xəstələrinin sağlamlığını daha yaxından izləməyi və hərarət, tərləmə və halsızlıq hallarını ciddiyə almağı tövsiyə edir.
20 views