Azərbaycanda, xüsusən də Sumqayıt şəhərində moped (və ya skuter) sürənlərin sayı son dövrlər artıb. Ən təhlükəlisi isə odur ki, bu nəqliyyat vasitələrini idarə edənlərin bir hissəsi hələ 18 yaşına çatmayan yeniyetmələrdir.
Sosialmedia.az-a daxil olan şikayətlərdə qeyd olunur ki, bəzi küçələrdə 15-16 yaşlı gənclər mopedlərlə sürətlə hərəkət edir, yol hərəkəti qaydalarına məhəl qoymurlar. Onlar avtomobillərin arasından keçirlər, sağ tərəfdən ötməyə çıxırlar. Bəzən isə iki nəfər eyni mopeddə, heç bir qoruyucu dəbilqə olmadan hərəkət edirlər. Bu cür davranışlar həm onların özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atır.
Sual yaranır: bu mopedlər necə və niyə azyaşlılara satılır?
Mövcud qanunvericiliyə görə, 50 sm³-dən aşağı mühərrik həcminə malik mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Bu isə azyaşlıların rahatlıqla belə nəqliyyat vasitələrini əldə edib, yollara çıxmasına şərait yaradır.
Vətəndaşlar hesab edirlər ki, mopedlərin satışı və istifadəsinə nəzarət gücləndirilməlidir. Həmçinin, bu vasitələrin qeydiyyat sistemi də təkmilləşdirilməlidir.
29 views