Sumqayıt Apellyasiya Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Zamin Balazadənin (adı, soyadı şərtidir) apellyasiya şikayətinə baxılıb.
Sosialmedia.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 9 avqust 2023-cü ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən elektrik naqillərinin komponentlərinin hazırlanması üzrə ixtisaslaşmış sexdə qeydə alınıb.
Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zamin Balazadə ona məxsus sözügedən obyektdə yerləşən kustar üsulla hazırlanmış pres dəzgahında işçi, zərərçəkmiş Zahid Lətifovu (adı, soyadı şərtidir) işlərin görülməsinə cəlb edib. İş zamanı zərərçəkmişin sağ biləyi pres dəzgahının hərəkətdə olan hissəsində qalıb. Nəticədə Zahid Lətifovun sağ əlin ovuc-bilək hissəsindən total amputasiyası xəsarətini almasına səbəb olub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə 20% pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Mülki cavabdeh təqsirləndirilən şəxsdən ümumilikdə 10.120 manat pul vəsaitinin alınaraq, mülki iddiaçı zərərçəkmiş şəxs verilməsi hökm edilib.