Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha sağlam və məsuliyyətli olması üçün tənzimləmələri sərtləşdirib.
Mərkəzi Bankın Sosilmedia.az-a verdiyi məlumata görə, yeni qaydalar əhalinin artıq borclanmasının qarşısını almağa və bank sisteminin maliyyə dayanıqlığını gücləndirməyə yönəlib.
Təhlillərə əsasən, son dövrlərdə kredit kartlarında sürətli artım müşahidə olunub. Bu, gəlirlərin artması fonunda baş versə də, borc yükünün də artmasına səbəb olub.
Yeni tələblərə görə, kredit kartının məbləği borcalanın xalis (vergidən sonrakı) gəlirinin maksimum 5 misli ola bilər. Bu limit borcalanın digər öhdəlikləri nəzərə alınaraq hesablanacaq.
Bu yanaşma, banklara riskləri daha tez müəyyənləşdirməyə və minimuma endirməyə kömək edəcək.
Nağd vəsaitlərlə və qiymətli metallarla təmin olunan kreditlər bu limitə daxil edilmir. Yeni qaydalara əsasən, limitdən artıq olan kreditlər bankın I dərəcəli kapitalının 1 faizini keçməməlidir.
Tənzimləmə həm məsuliyyətli kreditləşməni təşviq edir, həm də istehlakçıların gəlirinə uyğun borclanmanı təmin etməyi hədəfləyir. Bu, maliyyə yükünün artmasının və sosial risklərin qarşısını almağa yönəlib.
—
.