Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Suriyaya nəqlini təmin edəcək boru kəmərinin açılışı olub.
“Sosialmedia.az”in məlumatına görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri və Suriyanın energetika naziri iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra boru kəmərinin klapanı rəmzi olaraq açılıb. Bununla da qazın Suriyaya ixracına rəsmi start verilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında imzalanan sənədə əsasən, qaz nəqli üçün hazırlıq başa çatıb.
Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr qaz göndəriləcək. Qaz Kilis üzərindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq.
Bu proses nəticəsində 1 200-1 300 meqavat elektrik istehsalı planlaşdırılır.
Enerji xətti Suriyanın enerji sisteminin bərpasında mühüm rol oynayacaq. Bu həm də Türkiyənin enerji mərkəzinə çevrilməsinə dəstək verəcək.
Qeyd edək ki, iyulun 12-də SOCAR və Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
33 views