Sosialmedia.az

KİV: Bakı Yaxın Şərq danışıqlarında aparıcı vasitəçiyə çevrilir

Azərbaycan Yaxın Şərq diplomatiyasında mühüm oyunçuya çevrilir.

“Sosialmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşrinin “Azərbaycan – İsrail və Suriya arasında sülh körpüsü” başlıqlı analitik materialında deyilir.

Müəllifin fikrincə, Bakı artıq çoxdan enerji və regional təhlükəsizlik sahəsində həyata keçirdiyi çevik strategiyası ilə tanınır. İndi isə Azərbaycan İsrail və Suriya arasında dialoqun qurulmasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.

“Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil. İllərlə davam edən enerji tərəfdaşlığı və strateji uzaqgörənlik Bakını etibarlı regional oyunçuya çevirib. Azərbaycan həm İsrail, həm də müsəlman dünyası ilə paralel və tarazlaşdırılmış münasibət saxlaya bilən az sayda ölkələrdən biridir. Rəsmi Bakı uzun illərdir ki, İsraillə xüsusilə müdafiə, kəşfiyyat və texnologiya sahələrində sıx əməkdaşlıq edir”, – materialda qeyd olunur.

Şərhçi vurğulayır ki, İsraillə səmərəli əməkdaşlığa baxmayaraq, Azərbaycan heç vaxt Suriyaya qarşı düşmənçilik siyasəti aparmayıb: “Bu gün vətəndaş müharibəsinin davam etdiyi Suriyanın iqtisadi tərəfdaşlığa və bərpa işlərində yardıma kəskin ehtiyacı var. Bakı bu bazara infrastruktur dəstəyi və enerji layihələri ilə daxil olur”.

O, Azərbaycanın dialoq üçün neytral və etibarlı məkan kimi artan nüfuzundan danışarkən, qeyd edib ki, Bakı İsrail və Türkiyə arasında Suriya ilə bağlı münaqişənin nizamlanması üzrə texniki danışıqlar təşkil edir.

Materialın müəllifi hesab edir ki, bir sıra amillər Azərbaycanın effektiv mediator kimi uğur qazanmaq şanslarını artırır: “1) Tarazlaşdırılmış siyasət: həm İsrail, həm də müsəlman dövlətləri ilə konstruktiv münasibətlər; 2) Enerji diplomatiyası: böyük neft və qaz ixracatçısı kimi iqtisadi nüfuz. 3) Türkiyə ilə strateji ittifaq: Ankara-Bakı tandemi regionda əsas diplomatik qapıları açır. 4) Dünyəvi idarəetmə: Azərbaycanın qeyri-ideoloji, praqmatik yanaşması”.

8 views