Rusiya bazarlarına açılan qapı: EEF-nin yaratdığı imkanlar

2025-ci ilin sentyabrın 3-dən 6-dək Rusiyanın Uzaq Şərqində yerləşən Vladivostok şəhəri növbəti dəfə mühüm iqtisadi və siyasi hadisəyə ev sahibliyi edəcək – Şərq İqtisadi Forumu (EEF). Forumun təşkilatçısı “Roscongress Foundation” bildirib ki, builki tədbir Asiya-Sakit Okean regionunun ən mühüm iqtisadi platformalarından biri kimi, regional əməkdaşlığın dərinləşməsinə və yeni müqavilələrin imzalanmasına zəmin yaradacaq.

Forumda əsas diqqət Rusiya Federasiyasının Asiya-Sakit okean ölkələri ilə iqtisadi inteqrasiyasına, enerji əməkdaşlığına, logistika və nəqliyyat dəhlizlərinin inkişafına yönələcək. Gözlənilir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat layihələri çərçivəsində yeni razılaşmalar əldə ediləcək. Həmçinin, yaşıl iqtisadiyyat, rəqəmsallaşma, aqrar sektor və yüksək texnologiyalar da əsas müzakirə mövzularından olacaq.

Qərb sanksiyaları fonunda Rusiya yeni iqtisadi tərəfdaşlar axtarmaqdadır. Çin, Hindistan, Vyetnam, İndoneziya, BƏƏ, İran və digər Asiya ölkələrinin Rusiya bazarına marağı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bu ölkələr xüsusilə enerji resursları, taxıl məhsulları, gübrələr, yüksək texnologiyalar və metallurgiya sahəsində əməkdaşlığı genişləndirməyə çalışırlar.

Məsələn, Hindistan və Çin artıq Rusiyanın Uzaq Şərq bölgəsində iri infrastruktur layihələrində iştirak edirlər. 2025-ci ildə imzalanması gözlənilən yeni sənədlər arasında birgə sənaye parklarının yaradılması, logistika şəbəkələrinin genişləndirilməsi və enerji daşıyıcılarının tədarükünə dair sazişlər də var.

Ötən illərin təcrübəsinə əsasən, EEF çərçivəsində onlarla beynəlxalq və regional iqtisadi sazişin imzalanması gözlənilir. Bu il isə imzalanacaq müqavilələrin həcminin 60 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır. Xüsusilə Rusiya ilə Cənub-Şərqi Asiya ölkələri arasında sərmayə qoyuluşuna dair razılaşmalar, eləcə də təbii resurslardan istifadə, liman və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi ilə bağlı sənədlər diqqət mərkəzində olacaq.

Forum eyni zamanda Rusiyanın beynəlxalq iqtisadi diplomatiya aləti kimi çıxış edir. Kreml bu platforma vasitəsilə “qərbdən şərqə” yönəlik iqtisadi dönüş strategiyasını daha da dərinləşdirməyə çalışır. Bu məqsədlə Rusiya təkcə ticarət deyil, həm də mədəni, təhsil və texnoloji mübadilələrə də önəm verir.

2025-ci il forumuna 60-dan artıq ölkənin nümayəndə heyətinin qatılacağı təsdiqlənib.

Bunlar arasında Çin, Hindistan, İran, Vyetnam, Qazaxıstan, Özbəkistan, Azərbaycan, BƏƏ, Malayziya, İndoneziya, Tailand, Filippin kimi ölkələr yer alır. Bundan əlavə, Afrika və Latın Amerikası ölkələrindən də yüksək səviyyəli nümayəndə heyətlərinin qatılacağı gözlənilir.
Bu da “X Şərq İqtisadi Forumu”nun (EEF) prespektiv üçün iqtisadi əlaqələrin güclənməsi, eyni zamanda Rusiya bazarlarına çıxış imkanlarının artması baxımından yeni imkan deməkdir.

3282 views