Bu gün- 12 avqust, bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə QHT.az olaraq “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova ilə söhbətləşdik. O, gənclərə, xüsusən əlilliyi olan gənclərə ünvanladığı motivasiya dolu mesajında onların gücünə, potensialına və iradəsinə inandığını vurğuladı, həmçinin cəmiyyətə tam inteqrasiya üçün vacib sosial dəstək və imkanlardan bəhs etdi.
QHT.az: Beynəlxalq Gənclər Günü münasibətilə ilk olaraq gənclərə, xüsusən əlilliyi olan gənclərə hansı mesajınızı çatdırmaq istərdiniz?
Səbinə Kərimova: Əziz gənclər, siz bizim bu günümüzün ümidisiniz, sabahımızın isə qurucularısınız. Hər birinizin içində böyük bir güc, hələ kəşf olunmamış potensial var. Əlillik heç vaxt yolun sonu deyil, əksinə, iradənin, dözümün və həyat eşqinin daha da güclənməsi deməkdir. Siz öz uğur hekayənizi yazmaq gücünə maliksiniz. İnanın ki, qarşıdakı çətinliklər sizi dayandırmaq üçün deyil, sizi daha möhkəm etmək üçün var. Özünüzə inanın, arzularınızdan əl çəkməyin və unutmayın ki, sizin hər addımınız bir başqasına ilham ola bilər.
QHT.az: Sizcə, əlilliyi olan gənclərin cəmiyyətə tam inteqrasiyası üçün ən önəmli sosial dəstək və imkanlar hansılardır?
Səbinə Kərimova: Ən önəmli addım bərabər imkanların yaradılmasıdır. İlk növbədə, hər bir gəncin təhsil almaq hüququ təmin olunmalıdır. İnklüziv və əlçatan təhsil mühiti gənclərin bacarıqlarını inkişaf etdirməsinə və gələcəkdə istədiyi sahədə uğur qazanmasına zəmin yaradır.
Digər mühüm istiqamət isə məşğulluqdur. İş yerlərində uyğun şəraitin yaradılması, peşə hazırlığı və ixtisasartırma proqramları əlilliyi olan gənclərin öz ayaqları üzərində durmasına kömək edir.
Eyni zamanda, ictimai məkanların, nəqliyyatın və infrastrukturların əlçatan olması onların sərbəst şəkildə hərəkət etməsini təmin edir. Sosial, mədəni və idman fəaliyyətlərinə qoşulmaq imkanı isə özünəinamı artırır və sosial əlaqələri genişləndirir.
Və ən əsası – biz unutmamalıyıq ki, psixoloji dəstək və hüquqların qorunması bu prosesin ayrılmaz hissəsidir. Əgər biz bu dəstəkləri birləşdirə bilsək, o zaman əlilliyi olan gənclər sadəcə cəmiyyətin bir hissəsi deyil, onun inkişafına yön verən güclü aparıcı qüvvəyə çevriləcək.Sosialmedia.az
Pərvanə Fərhadqızı
Fotolar