Sosialmedi.az

ATƏT: Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq – EKSKLÜZİV

Finlandiya ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycan və Ermənistanın birgə müraciətinə cavab verəcək.
O, Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı müzakirələrə rəhbərlik edəcək.
Bu barədə Sosialmedia.az-in Avropa bürosuna təşkilatın mənzil-qərargahından məlumat verilib.
ATƏT-in rəsmi nümayəndəsi bildirib ki, Katiblik müzakirələr nəticəsində qəbul edilən qərarları həyata keçirməyə hazırdır.
Təşkilat təsdiqləyib ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Nazirlər Şurasına birgə müraciət daxil olub.
Müraciətdə Minsk qrupu və əlaqəli institutların ləğvi təklif olunub.
ATƏT qeyd edib:
“Avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq. Azərbaycan və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edirik. ABŞ administrasiyasının dəstəyini yüksək qiymətləndiririk.”
Rəsmi nümayəndə vurğulayıb ki, ATƏT Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş bütün səylərə sadiqdir.
Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək üçün yaradılmışdı.
2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə münaqişə başa çatdı.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, artıq Minsk qrupuna ehtiyac yoxdur.
Azərbaycan Ermənistana birgə müraciət etməyi təklif edib.
Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri bu müraciəti imzalayıblar.
Bu, Azərbaycanın Ermənistanla sülh sazişi üçün irəli sürdüyü iki şərtdən biridir.
Minsk qrupuna ABŞ, Rusiya, Fransa, Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya, İsveç, Azərbaycan və Ermənistan daxildir.

12 views