Sosialmedia.az

“Humanitar yardım ümid, bərabərlik və ləyaqət deməkdir” – Səbinə Kərimova ilə MÜSAHİBƏ

19 avqust Ümumdünya Humanitar Yardım Günü kimi qeyd olunur. Humanitar yardım yalnız qısamüddətli dəstək deyil, həm də davamlı inkişaf və sosial ədalətə yönələn bir missiyadır. Bu mövzuda “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a müsahibə verib.

 

QHT.az: Humanitar yardımın əsas məqsədi nədir?

Səbinə Kərimova: Humanitar yardımın əsas məqsədi insanların həyatını xilas etmək, onların təcili ehtiyaclarını ödəmək və təhlükəsizliyini təmin etməkdir. Bu  ilk növbədə insanların həyatını xilas etmək deməkdir. Çünki fəlakət zamanı insanın ən sadə ehtiyacı  bir stəkan su, isti yemək, dərman və təhlükəsizliyidir.  Sadə dillə desək, humanitar yardımın əsas məqsədi insan həyatı və rifahını qorumaq, ehtiyac içində olanlara ümid və dəstək verməkdir.

 

QHT.az: Əlilliyi olan şəxslər baxımından bu fəaliyyətin hansı xüsusiyyətləri var?

Səbinə Kərimova: Əlilliyi olan şəxslər humanitar yardıma ən çox ehtiyacı olan qruplardandır. Onların ehtiyaclarını nəzərə alan inklüziv və əlçatan xidmətlər həyati əhəmiyyət daşıyır.  Ona görə də onların xüsusi ehtiyaclarının təmin olunması vacibdir. Bu, əlil arabaları, tibbi avadanlıq, əlçatan infrastruktur və psixoloji dəstəyi əhatə edir. Amma ən əsası – onların yardıma möhtac biri kimi deyil, bərabər hüquqlu bir fərd kimi görülməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

 

QHT.az: Digər həssas qruplar üçün nə kimi addımlar atılmalıdır?

Səbinə Kərimova: Ən çox risk altında olan qruplar uşaqlar, qadınlar və yaşlılardır. Onların təhlükəsizliyi, təhsildən və sosial xidmətlərdən kənarda qalmaması, zorakılıqdan qorunması humanitar fəaliyyətin ayrılmaz hissəsidir. Çünki yardımlar yalnız maddi dəstək deyil, həm də insan ləyaqətinin qorunması deməkdir.

 

QHT.az: Humanitar yardımların uzunmüddətli rolu nədən ibarətdir?

Səbinə Kərimova: Biz yardım göstərərkən yalnız bu günü deyil, sabahı da düşünməliyik. Yardımın məqsədi insanlara sadəcə qısa müddətlik dəstək olmaq deyil, həm də onların yenidən ayağa qalxmasına, icmaların bərpa olunmasına, iş imkanlarının yaradılmasına və daha dayanıqlı gələcəyin qurulmasına kömək etməkdir. Humanitar fəaliyyətin ruhunda məhz ümid, bərabərlik və ləyaqət dayanır.Sosialmedia.az

 

Pərvanə Fərhadqızı

88 views