Sosialmedia.az

“Sağlam ailə üçün erkən nikahların azaldılması vacibdir” – QHT sədri

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova Sosialmedia.az-a açıqlamasında erkən və qohum nikahların fəsadlarına diqqət çəkib.

”Erkən və qohum nigahların fəsadları” adlı layihəsindən danışan QHT sədrinin sözlərinə görə, valideynlər erkən və qohum nikahların doğurduğu nəticələr, həmçinin bu nikahların qarşısının alınması ilə bağlı mövcud qanunvericilikdən məlumatlandırılıb. Bu istiqamətdə aparılan işlər bir sıra müsbət dəyişikliklərə səbəb ola bilər:

  • Cəmiyyətdə erkən və qohum nikahlarla bağlı mövzuya diqqət artacaq;
  • Övladlarını erkən və qohum nikaha cəlb etməyə meylli ailələrin münasibəti dəyişəcək;
  • Valideynlər qızların təhsilinə daha çox önəm verəcək;
  • Qızların ailə qurulması prosesində onların qərarvermə hüququ təmin olunacaq;
  • Erkən nikahların sayı azalacaq, sağlam ailələrin sayı artacaq.

Ş. Dadaşova bildirib ki, bu istiqamətdə tədbirlərin daha geniş auditoriyada keçirilməsi nəzərdə tutulur:

“Respublikanın bütün rayonlarında bu layihə aktualdır. Gələcək planımızda nümunəvi ailələrdən, valideynlərdən söhbət açmaq, onları təbliğ etmək niyyətimiz var. Hesab edirik ki, belə təbliğat daha çox xeyir verər, nəinki narahatlıqları danışıb şou yaratmaq.”

 

15 views