Sosialmedia.az

Sumqayıtda velosiped həvəskarlarının NƏZƏRİNƏ

Sumqayıtda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.

Pilot xarakterli bu layihə ilkin mərhələdə Sumqayıt da daxil olmaqla, müxtəlif bölgələri əhatə edəcək.

Elm və Təhsil Nazirliyinin bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.

Qeyd edək ki, kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.

Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.

8 views