Sosialmedia.az

Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır

Azərbaycanla əməkdaşlıq Pakistanın xarici siyasətində xüsusi yer tutur, Ermənistanla diplomatik əlaqələrin qurulması haqqında qərar İslamabad tərəfindən Bakı ilə məsləhətləşmələrdən sonra və Cənubi Qafqazda vəziyyətin dəyişməsini nəzərə alaraq qəbul edilib.

Bu barədə “Sosialmedia.az“a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib.

Politoloq vurğulayıb ki, Cənubi Qafqazdakı dəyişikliklərlə əlaqədar olaraq Pakistan xarici siyasətini tənzimləməyi qərara alıb: “Cənubi Qafqazda yeni bir səhifə açan Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması ilə Pakistan İrəvanla münasibətləri normallaşdırmağı məqsədəuyğun hesab edib”.

Onun fikrincə, Tiencində keçirilən ŞƏT sammitində iki ölkə arasında diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır.

“Pakistan rəhbərliyi bu addımın dəyişən regional vəziyyəti nəzərə alaraq və Azərbaycanla məsləhətləşmələrdən sonra atıldığını aydın şəkildə bildirib”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, Pakistan onilliklər boyu Qarabağla bağlı Azərbaycanın mövqeyi ilə həmrəylik nümayiş etdirərək Ermənistanla diplomatik əlaqələrdən çəkinib. Pakistan Ermənistanı tanımayan yeganə BMT-yə üzv dövlət olub: “Bu, Pakistan və Azərbaycan arasında möhkəm qalan qardaşlıq əlaqələrinin dərinliyinin əyani sübutu olub”.

Politoloq vurğulayıb ki, Pakistan Ermənistanla qarşılıqlı əlaqəni regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün bir imkan kimi görür: “Eyni zamanda, İslamabad etimad və ortaq maraqlara əsaslanan Bakı ilə strateji tərəfdaşlığına tam sadiq qalır”.

Ekspert bir daha qeyd edib ki, Pakistanın Ermənistanı tanıması loyallığın dəyişməsi deyil, dəyişən şəraitdə diplomatik üfüqlərin genişləndirilməsidir: “İslamabad üçün Azərbaycanla dostluq hələ də xüsusi yer tutur və Ermənistanla bağlı qərar regional barışıq və rifaha konstruktiv töhfə vermək istəyini əks etdirir”.

21 views