Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən ümumi Avropa sərhəd keçid sistemini tətbiq edir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb.
“Avropa sərhədlərdə nəzarəti sərtləşdirir: hava limanlarında barmaq izlərinin götürülməsi və üz təsvirlərinin qeydə alınması üzrə geniş miqyaslı layihə başlayır”, – “Yle” yazıb.
Şirkətin məlumatına görə, sistem ilk növbədə saxta pasportları olan şəxslərin aşkarlanmasına yönəlib.
EES (“Entry”/”Exit System”) adlı yeni Avropa sərhəd nəzarəti sistemi on ildən çox müddətdə hazırlanıb, onun tətbiqi texniki problemlər səbəbindən dəfələrlə təxirə salınıb.
“İndi konkret başlama tarixi komissiyanın məlumatına görə, oktyabrın 12-si olacaq”, – portal qeyd edib.
Üçüncü ölkə vətəndaşlarının barmaq izləri, üz təsvirləri və sərhəd keçidi haqqında məlumatlar Şengen zonasına ilk giriş zamanı ümumi Avropa reyestrində saxlanılacaq. Bundan sonra Avropaya gələn şəxs pasport müfəttişi ilə görüşmədən sərhəd nəzarəti avtomatı vasitəsilə sərhədi keçə biləcək. Pasportlara möhür vurulması tamamilə ləğv ediləcək.
Altı aylıq keçid dövrü müəyyən edilib ki, bu müddət ərzində hazırkı sərhəd nəzarəti yeni sistemlə paralel aparılacaq.
Portalın məlumatına görə, reyestr məlumatları miqrasiya orqanları, polis, Finlandiyanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti, həmçinin Müdafiə Qüvvələri üçün əlçatan olacaq.
“Yle” yazır ki, yeni sistemin tətbiqi Aİ-nin daxili təhlükəsizliyini gücləndirmək və qeyri-müntəzəm miqrasiyanın qarşısını almaq istəyi ilə əsaslandırılıb.
10 views