2025-ci il Formula-1 Azərbaycan Qran-Prisi günlərində (18-21 sentyabr) zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.
Sosalmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Formula-1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
8 views