Xəbər verdiyimiz kimi, Sumqayıt da daxil olmaqla, ictimai nəqliyyatda “brutto müqavilə” sistemi tətbiq ediləcək.
Bəs bu yeni sistem sərnişindaşımada hansı problemləri həll etməyə yönəlib və sərnişinləri hansı üstünlüklərlə təmin edəcək?
Bir sözlə, bu “brutto müqavilə” sistemi vətəndaşlara nəyi vəd edir?
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Sosialmedia.az– a açıqlama verib.
Tural Orucov bildirib ki, “brutto müqavilə” modelinin tətbiqindən sonra xidmət keyfiyyəti və əlçatanlığı artacaq:
“Daşıyıcının qazancı sərnişin sayından deyil, qurum ilə bağladığı “brutto müqavilə”sinin şərtlərinə əməl etməsindən asılı olacaq. Eyni zamanda, tənzimləyici qurum cərimə sistemi tətbiq etməklə daşıyıcını yüksək xidmət səviyyəsini saxlamağa təşviq edəcək.
Bundan əlavə, daşıyıcılar nisbətən gəlirli və ya gəlirli olmayan marşrutlar arasında seçim etməkdə maraqlı olmayacaq. Bu isə şəhərətrafı marşrutlarda da eyni xidmət səviyyəsinin təmin edilməsinə və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılmasına şərait yaradacaq”.
Tural Orucov əlavə edib ki, bu müqavilə sayəsində yol daha təhlükəsiz olacaq və avtobusların ətraf mühitə mənfi təsiri azalacaq.
“Sürücülərin iş və istirahəti əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin ediləcək. Bununla da, nəqliyyat vasitələrinə keyfiyyətli texniki xidmətin göstərilməsi üçün şərait yaranacaq. Yol hərəkəti təhlükəsizliyinə təhdid yaradan amillər minimuma enəcək, yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azalması üçün zəmin yaranacaq.
Ətraf mühitin təmizliyi məsləsinə gəldikdə isə dayanıqlı maliyyələşmə ilə ekoloji təmiz avtobusların istifadəsi mümkün olacaq. Bu da ictimai nəqliyyatı daha cəlbedici edərək fərdi avtomobillərə olan tələbatı azaldacaq və yollardakı sıxlığın qarşısı alınacaq”,- deyə o əlavə edib.
Mətbuat katibi qeyd edib ki, sahənin “kölgə” iqtisadiyyatından çıxması daha da sürətlənəcək Yəni, marşrutların nağdsız ödənişlərə keçidinin təşviq edilməsi gediş haqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq. Bununla da, sahənin “kölgə” iqtisadiyyatından çıxarılması mümkün olacaq.
149 views
