90 dəqiqə qalmış müharibə niyə dayandı? – Atəşkəsin pərdəarxası

ABŞ-nin prezidenti Donald Trampın bir neçə saat ərzində sərt ultimatumdan atəşkəsi qəbul etməyə keçməsi son illərin ən dramatik siyasi dönüşlərindən biri kimi qiymətləndirilir. Günün əvvəlində “bir sivilizasiya bu gecə yox ola bilər” kimi iddialı bəyanatla çıxış edən Tramp axşama doğru tam fərqli mövqe sərgilədi. Bu kəskin dəyişiklik təsadüfi deyil: həm sahədən gələn hərbi risk siqnalları, həm də diplomatik təzyiqlər eyni anda pik həddə çatmışdı.


Sosialmedia.az xəbər verir ki, xarici medianın yaydığı məlumatlara görə, əsas dönüş nöqtəsi son saatlarda aktivləşən diplomatik kanallar olub. Xüsusilə Pakistanın vasitəçiliyi ilə formalaşan “İslamabad razılaşması” modeli Vaşinqtona alternativ çıxış yolu təqdim etdi. Trampın planlaşdırdığı zərbələri cəmi 90 dəqiqə qalmış dayandırması da göstərir ki, bu, əvvəlcədən hazırlanmış “geri çəkilmə ssenarisi” deyil, təzyiq altında verilmiş qərardır.

 

Digər həlledici faktor İranın təqdim etdiyi 10 maddəlik plan oldu. ABŞ tərəfindən “maksimalist” kimi qiymətləndirilsə də, bu sənəd danışıqlar üçün real baza rolunu oynadı. Trampın planı “işlək təməl” adlandırması onun hərbi eskalasiyadan diplomatik mərhələyə keçmək niyyətini açıq göstərdi.

 

İqtisadi reallıqlar isə qərarın ən praqmatik tərəfini təşkil edir. Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizini risk altına salmışdı və bu, bazarlarda ciddi panika yaratmışdı. Atəşkəs qərarından dərhal sonra enerji qiymətlərinin enməsi göstərdi ki, Vaşinqton üçün iqtisadi sabitlik hərbi üstünlük qədər vacib idi.

 

Bütün bunların fonunda Trampın addımı klassik geri çəkilmə kimi yox, “nəzarətli geri addım” kimi dəyərləndirilir. O, əvvəlcə maksimal təzyiq strategiyası ilə qarşı tərəfi danışıqlara məcbur etdi, sonra isə bu prosesi siyasi “qələbə” kimi təqdim etdi. Lakin reallıqda əldə olunan razılaşma sabit sülh deyil – bu, tərəflərin yeni mərhələyə hazırlaşmaq üçün qazandığı müvəqqəti fasilədir. Regionda gərginliyin davam etməsi isə bu atəşkəsin nə qədər kövrək olduğunu göstərir

145 views