Hər bir gəncin həyatında ali məktəbə qəbul imtahanları və universitet seçimi mühüm bir mərhələnin başlanğıcıdır. İllərlə çəkilən zəhmətin bəhrəsini görmək, arzulanan tələbə adını qazanmaq abituriyentlərin ən böyük hədəfidir. Hazırda imtahan həyəcanı davam edir. Lakin ali savad almaq hələ uğurlu karyera qurmaq demək deyil.
Bu keçid dövründə ixtisas seçimi sadəcə bir qərar deyil, gələcəyə qoyulan ən böyük sarmayədir. Doğru ixtisas seçimi insanın fərdi potensialını reallaşdırmaqla yanaşı, onun əmək bazarında rəqabətədavamlı olmasını təmin edir. Səhv addım isə illərlə qazanılan biliklərin itirilməsi və diplomun sadəcə kağız parçasına çevrilməsi deməkdir.
Metbuat.az xəbər verir ki, texnologiyanın sürətli inkişafı və süni intellektin həyatımıza daxil olması bir çox ənənəvi peşələri sıradan çıxarır. Yaxın gələcəkdə əmək bazarında bəzi ixtisaslara ehtiyac qalmayacaq. Məsələn, mühasibatlıq, bank işi (kassir və kredit mütəxəssisləri), tərcüməçilik (xüsusilə mexaniki mətn tərcüməsi) və data analitikasının ilkin mərhələləri artıq avtomatlaşdırılır. Həmçinin, rutin sənədləşmə işləri, çağrı mərkəzləri, standart kodlaşdırma, logistik dispetçerlik və ilkin kadrlar uçotu kimi sırf mexaniki, təkrarlanan funksiyalara əsaslanan sahələr də sürətlə avtomatlaşdırılaraq gələcəyin əmək bazarında öz əhəmiyyətini itirir. Bu sahələri seçən gənclərin yaxın 5-10 ildə ciddi işsizlik riski ilə üzləşəcəyi qaçılmazdır.
Təhsil eksperti Fuad Məmmədov saytımıza açıqlamasında deyib ki, ixtisas seçərkən bugünkü deyil, sabahkı əmək bazarının tələbləri əsas götürülməlidir:
“Gənclər yalnız diplom xatirinə reytinqi düşən sahələrə yönəlməməlidirlər. Müasir dövrdə universal bacarıqlar, tənqidi təfəkkür və rəqəmsal savadlılıq ön plandadır. Abituriyentlərə tövsiyə edirəm ki, süni intellektin əvəz edə bilməyəcəyi, yaradıcılıq və emosional intellekt tələb edən sahələrə diqqət yetirsinlər. Söhbət robotların mexaniki şəkildə kopyalaya bilməyəcəyi, tamamilə insan amilinə və hisslərinə əsaslanan peşələrdən gedir. Məsələn, həkimlik, xüsusilə cərrahlıq və psixatiriya, müəllimlik, strategiya və böhran menecerliyi bu kateqoriyaya daxildir. İxtisas seçimi zamanı mütəxəssis rəyini nəzərə almaq və gələcəyin trendlərini analiz etmək vacibdir”.

