TikTok platformasının təhlükəsizlik funksiyalarını sınaqdan keçirərkən minlərlə istifadəçiyə, o cümlədən uşaqlar və yeniyetmələrə işləməyən versiyalar təqdim etdiyi iddia olunur.
Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-York Baş prokurorluğunun məhkəməyə təqdim etdiyi sənədlərdə məlumat verilib.
Sənədlərə görə, istifadəçilər zərərli və arzuolunmaz məzmundan uzaqlaşmaq məqsədilə “Algo Refresh” funksiyasını aktivləşdirdiklərini düşünsələr də, bəzi hallarda onların video lentində heç bir dəyişiklik baş verməyib.
Nyu-Yorkun baş prokuroru Letitia James TikTok-u uşaqları platformadan asılı vəziyyətə salmaqda və təhlükəsizlik tədbirləri barədə istifadəçiləri yanıltmaqda ittiham edir. Məlumata görə, TikTok-a qarşı ABŞ-ın müxtəlif ştatlarında bu məsələ ilə bağlı 20-dən çox məhkəmə iddiası qaldırılıb.
Məhkəmə sənədlərində bildirilir ki, şirkətin rəqəmsal sağlamlıq üzrə məhsul meneceri belə sınaqların istifadəçiləri yanılda biləcəyini qeyd edib. Buna baxmayaraq, 2023-cü ildə minlərlə istifadəçi üzərində analoji sınaqların təkrarlandığı və bu prosesdə istifadəçilərin platformada keçirdiyi vaxtın, eləcə də reklam gəlirlərinə mümkün təsirin araşdırıldığı bildirilir.
TikTok nümayəndəsi isə yeni məhsul və funksiyaların mütəmadi olaraq sınaqdan keçirildiyini bildirib. Şirkət nümayəndəsi irəli sürülən iddiaların “Algo Refresh” funksiyasının iş prinsipini düzgün əks etdirmədiyini vurğulayıb.
Sənədlərdə təhlükəsizlik funksiyalarının deaktiv edildiyi digər sınaqlardan da bəhs olunur. Belə sınaqlardan birində iştirak edən Nyu-Yorklu yeniyetməyə özünə zərərvermə və intiharla bağlı məzmunların göstərildiyi qeyd olunur.
Sənədlərə əsasən, həmin yeniyetmə daha sonra intihar edib. Şirkətin daxili araşdırmasının isə ona bu mövzuda intensiv məzmun təqdim edildiyini üzə çıxardığı bildirilir.
Qeyd edək ki, məhkəmə sənədlərində yer alan iddialar məhkəmə tərəfindən yekun olaraq təsdiqlənmiş faktlar kimi qiymətləndirilməməlidir. TikTok isə ittihamların platformanın funksiyalarının iş prinsipini düzgün əks etdirmədiyini bildirir.
72 views
