Sosialmedia.az

Dövlət Qulluğu Məcəlləsi qəbul edildi – 94 maddədən ibarət olacaq

Sosialmedia.az xəbər verir ki, layihə parlamentin payız sessiyasının plenar iclasında sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Yeni Məcəllənin hazırlanmasında məqsəd dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqidir.

Bildirilib ki, dövlət qulluğu sahəsində münasibətlərin vahid məcəllə çərçivəsində tənzimlənməsi Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da nəzərdə tutulub.

Məcəllə Ümumi və Xüsusi hissələrdən, 5 bölmə, 15 fəsil və 94 maddədən ibarətdir. Sənəddə dövlət qulluğunun idarə edilməsi prinsipləri, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri, qulluq stajı və ixtisas dərəcələri ilə bağlı məsələlər əksini tapıb.

Məcəllə, həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibələrin keçirilməsi, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi qaydalarını tənzimləyəcək.

Sənədin qüvvəyə minməsi ilə “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, dövlət qulluqçularının iş vaxtı, vəzifə maaşlarına yerli və əlavə əmsallar, Dövlət Qulluğunu İdarəetmə Şurası və etik davranış qaydaları ilə bağlı bir sıra qanunların qüvvədən düşməsi nəzərdə tutulur.

Digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi də müəyyən edilir. Həmin aktlar Məcəlləyə uyğunlaşdırılanadək yalnız onun müddəalarına zidd olmayan hissədə tətbiq olunacaq.

Yeni qaydalarda əvvəlki qanunvericilik əsasında verilmiş və etibarlılıq müddəti başa çatmamış dövlət qulluğu sertifikatlarının hüquqi qüvvəsi də qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Məcəllənin əlavələrində isə vəzifə təlimatlarının, stajorluq və sınaq müddəti ilə bağlı əmək müqavilələrinin, dövlət qulluğuna daimi əsaslarla təyin edilən şəxslərlə bağlanılan əmək müqavilələrinin, müsahibədə iştirak üçün müraciət formalarının nümunələri və dövlət qulluqçusunun andının mətni müəyyən edilir.

100 views