Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatdırılıb.
“Sosialmedia.az“un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə jurnalistlərə açıqlamasında deyib.
O, kənddə inşa edilən yaşayış evlərinin həyətyanı sahə ilə təmin olunduğunu bildirib:
“Zəngilan rayonunun Cahangirbəyli kəndi ümumi olaraq 179,54 hektar ərazidə layihələndirilib və tikinti işlərinə 2024-cü ildə başlanılıb. İlkin olaraq 62,5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikinti işləri həyata keçirilib. İnşa edilən yaşayış evləri köçəcək ailələrin say tərkibinə uyğun olaraq iki, üç, dörd və beş otaqlıdır. Evlərin 162-si 2-3 otaqlı olmaqla bir mərtəbəli, qalanları isə 4-5 otaqlı olmaqla iki mərtəbəlidir. Hazırda evlərdə son tamamlama və bəzək işləri görülür. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub. Həmçinin evlərin həyətində yardımçı tikililər də inşa edilib. Kəndə köçəcək əhalinin gündəlik tələbatlarının ödənilməsi üçün müasir tələblərə cavab verən qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub”.
87 views
