Azərbaycanda artrit xəstəliyinin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sığorta çərçivəsində laborator analizlər, instrumental müayinələr, fizioterapiya və zəruri hallarda cərrahi əməliyyatlar təmin olunur.
Sosialmedia.az xəbər verir ki, oktyabrın 12-si Dünya Artritlə Mübarizə Günüdür. Bu günün məqsədi oynaqlarda iltihab, ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə müşayiət olunan xəstəliklər barədə məlumatlılığı artırmaq, erkən diaqnostika və vaxtında müalicənin əhəmiyyətini diqqətə çatdırmaqdır.
Hazırda Azərbaycanda artrit xəstəliyi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 101 nəfərdir. Onlardan 114 nəfəri yuvenil artrit, 926 nəfəri seropozitiv revmatoid artrit, 1 061 nəfəri isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.
İcbari tibbi sığorta çərçivəsində oynaq xəstəliklərinin diaqnostikası və müalicəsi üçün geniş spektrli ambulator və stasionar tibbi xidmətlər göstərilir.
Tibbi göstəriş və həkim təyinatı əsasında sığortaolunanlar laborator analizlərdən, oynaqların rentgenoqrafiyasından və sümük-oynaq sisteminin ultrasəs müayinəsindən yararlana bilərlər. Zərurət yarandıqda revmatoloq və ortoped-travmatoloq müayinələri, eləcə də kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) kimi instrumental müayinələr də həyata keçirilir.
Müalicə prosesində tibbi göstərişə uyğun olaraq oynağın punksiyası, oynaqdaxili inyeksiyalar, fizioterapiya prosedurları və reabilitasiya tədbirləri tətbiq olunur.
Ağır osteoartrit və ya oynağın strukturunun ciddi şəkildə pozulduğu hallarda diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi kimi mürəkkəb cərrahi əməliyyatlar da icbari tibbi sığorta hesabına qarşılanır.
Əməliyyatdan əvvəlki müayinələr, anesteziya, stasionar yatış, zəruri dərman vasitələri və tibbi sərf materialları, həmçinin əməliyyatdan sonrakı nəzarət müayinələri də sığorta təminatına daxildir.
Mütəxəssislər artrit əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnostika və düzgün müalicə xəstəliyin gedişatına nəzarət etmək, mümkün fəsadların qarşısını almaq və həyat keyfiyyətini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.
112 views
