Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş uşaqlar üçün reabilitasiya tədbirləri davam etdirilir.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil olunub.
Ekskursiya zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyi, Tufandağ İstirahət Kompleksi və Qəbələnd Əyləncə Mərkəzini ziyarət ediblər. Şəkidə isə onlar tarixi Xan Sarayı ilə tanış olublar.
Proqram çərçivəsində uşaqlara sosial-psixoloji dəstək göstərilir, onların sosial adaptasiyasına yönəlmiş tədbirlər həyata keçirilir. Uşaqların yaxın günlərdə Azərbaycanın digər bölgələrinə də səfərləri nəzərdə tutulub.
Qeyd edək ki, reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin dəstəklənməsi, sosial mühitə uyğunlaşması və asudə vaxtlarının mənalı təşkili baxımından mühüm əhəmiyyət daşıyır.








