Sosialmedia.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 5 il ötür. Həssas əhali qruplarının yaradıcılıq potensialının üzə çıxarılması, sosial-psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində fəaliyyət göstərən Mərkəz inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir.

Sosialmedia.az xəbər verir ki, Mərkəzin açılışı 22 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Leyla Əliyevanın iştirakı ilə baş tutub. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Cənubi Qafqazın ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də digər həssas qruplara aid şəxslərin bacarıqlarının inkişafına dəstək göstərilir.

Mərkəzin İsmayıllı və Bərdədə fəaliyyət göstərən DOST Evi filialları da bölgələrdə yaşayan həssas qrupların yaradıcı potensialının inkişafına xidmət edir.

5 ildə 1106 benefisiara xidmət göstərilib

İndiyədək DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və onun filiallarında 1106 benefisiara xidmət göstərilib. Hazırda isə 380-dən çox benefisiar burada öz bacarıqlarını inkişaf etdirir.

Ötən beş il ərzində Mərkəz həssas kateqoriyalardan olan şəxslərin sosial-psixoloji reabilitasiya keçdiyi, özünəinamını bərpa etdiyi, cəmiyyətə inteqrasiya olunduğu və məşğulluq imkanlarını genişləndirdiyi mühüm platformaya çevrilib. Bu istiqamətdə 200-dən artıq tədbir və sosial təşəbbüs həyata keçirilib.

Məzunlar təlimçi və sosial agent kimi fəaliyyət göstərirlər

Mərkəzdə təlimləri uğurla başa vuran 17 məzun Mərkəzin özündə və filiallarında təlimçi və sosial agent kimi fəaliyyətə cəlb olunub. Bundan başqa, 20-dən çox məzun ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alır.

Mərkəzin benefisiar və təlimçiləri arasından üç nəfərin Prezident mükafatına layiq görülməsi də onların nailiyyətlərinin göstəricisidir.

Benefisiarların əl işləri beynəlxalq tədbirlərdə nümayiş etdirilir

Həssas qruplardan olan müəlliflərin yaradıcılıq potensialının və əməyinin qiymətləndirilməsi, həmçinin onların hazırladıqları məhsulların satış imkanlarının genişləndirilməsi məqsədilə Mərkəzin dostart.az elektron satış portalı istifadəyə verilib.

Mərkəzin benefisiarlarının əl işləri bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə də nümayiş etdirilib. Bu təşəbbüslər onların yaradıcılıq imkanlarının tanıdılmasına, əməyinin dəyərləndirilməsinə və sosial-iqtisadi fəallıqlarının artırılmasına şərait yaradır.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi beş illik fəaliyyəti ərzində həssas qruplardan olan şəxslərin potensialının üzə çıxarılması, cəmiyyətə inteqrasiyası və müstəqil həyata hazırlanması istiqamətində mühüm təcrübə formalaşdırıb.

47 views