Bu gün, oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür.
Sosialmedia.az xəbər verir ki, insult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Erkən müdaxilə ağır fəsadların qarşısının alınmasında və həyatın xilas edilməsində mühüm rol oynayır.
Məlumata görə, hazırda Azərbaycanda beyin qan dövranı pozğunluğu səbəbindən 7,1 min əlilliyi olan şəxs var.
İnsult şübhəsi olan şəxslərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Buraya həkim müayinəsi, beyin KT və MRT, angioqrafiya, EKQ, ürək müayinələri və zəruri laborator analizlər daxildir.
Tibbi göstəriş olduqda xəstələrə stasionar müalicə, daha sonra isə fizioterapiya və reabilitasiya xidmətləri də göstərilir.
İnsult riskini artıran amillər:
Yüksək arterial təzyiq
Şəkərli diabet və yüksək xolesterin
Ürək ritminin pozulması
Siqaret istifadəsi
Piylənmə və fiziki hərəkətsizlik
Mütəxəssislər risk faktorlarına nəzarət etməyin insultun qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığını bildirirlər
23 views
