Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına inteqrasiya meyllərinə sərt reaksiya verib və bu prosesin Moskva ilə İrəvan arasında “tam qopmaya” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Sosialmedia.az Musavat.coma istinadən xəbər verir ki, Overçukun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ölkə üçün ciddi iqtisadi faydalar gətirib. Belə ki, 2014-cü ildə adam başına düşən ÜDM 3850 dollar idisə, 2024-cü ildə bu göstərici 8500 dolları keçib. O əlavə edib ki, Ermənistanın Aİİ ilə qarşılıqlı ticarət dövriyyəsi 12,7 milyard dollara çatıb, halbuki Avropa İttifaqı ilə bu rəqəm cəmi 2,3 milyard dollar təşkil edir.
“Siz Avropa ilə yaxınlaşmaq istəyirsinizsə, anlamalısınız ki, bu, Ermənistanla Rusiya arasında tam münasibətlərin pozulması demək olacaq. Erməni xalqı özü qərar verməlidir – onlar bu nəticəni istəyirlərmi?”, – deyə Overçuk vurğulayıb.
Ekspertlər bu bəyanatı Moskvanın İrəvana qarşı açıq siyasi təzyiqi kimi qiymətləndirirlər. Ermənistanın son dövrlərdə Qərbə meyillənən xarici siyasəti, xüsusən də Aİ və NATO ilə sıxlaşan əlaqələri fonunda bu xəbərdarlıq regionda yeni geosiyasi qarşıdurmanın əlaməti kimi görünür.
33 views