Azərbaycanın elm və təhsil mühitində fərqlənən şəxslər arasında Sumqayıt şəhərinin yetişdirdiyi yeni nəsil alimlər xüsusi yer tutur.
Sosialmedia.az xəbər verir ki, onlardan biri də iqtisad elmləri üzrə fəlsəfə doktoru İlahə Əliyevadır. O, 27 mart 1991-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki Təbiət Elmləri Liseyində alıb.
2008–2012-ci illərdə Azərbaycan Turizm İnstitutunun Menecment ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2013–2015-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində Turizm işi ixtisası üzrə magistr dərəcəsi alan İ.Əliyeva, həmçinin ölkədə ilk Avstriya–Azərbaycan ikili diplom proqramında da magistratura səviyyəsi üzrə təhsilini yekunlaşdıraraq həm Azərbaycan Turizm və Menecment Universitetinin, həm də Avstriyanın İMC Krems Universitetinin diplomunu əldə edib.
İlahə Əliyeva 2024-cü ildə “Turizm sahəsində kadr hazırlığının təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Gənc alim kimi, turizm sahəsində kadr hazırlığının təşkili, müasir tədris metodlarının tətbiqi və xidmət sahələrinin marketinqi mövzularında tədqiqatlar aparır.
10 ildən artıqdır ki, təhsil sahəsində çalışan gənc alim İlahə Əliyeva hal-hazırda məzunu olduğu Azərbaycan Turizm və Menecment Universitetində Menecment kafedrasının baş müəllimidir.