“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi layihə çərçivəsində təlimlərini davam etdirir – FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 28 iyun tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin altıncı Sosial Media Marketinqi (SMM) təlimini keçirib.

http://Sosialmedia.az xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təlim rəqəmsal alətlərin və platformaların istifadəsində əlilliyi olan şəxslərin bacarıqlarını artırmaq məqsədini daşıyır:

“Təlimdə əsas diqqət sosial media optimizasiyası (SMO) və rəqəmsal platformalarda effektiv fəaliyyət göstərmək üçün lazım olan biliklərin təqdimatına yönəldilib. Təlimin əsas hissəsini isə video hazırlama qaydaları təşkil edib. Bu təlimlər mərhələli şəkildə davam edəcək və iştirakçılar öyrəndikləri bilikləri real iş mühitində tətbiq etmək imkanı əldə edəcəklər”.

Təlimçi Pərvanə Fərhadqızı iştirakçılara CapCut proqramının xüsusiyyətlərini izah edərək, sosial media platformalarında uğurlu video məzmununun hazırlanmasına dair praktiki nümunələr təqdim edib. İştirakçılar, videoları redaktə etmə, effektlər tətbiq etmə və optimallaşdırma üzrə biliklərini praktiki məşğələlər vasitəsilə tətbiq ediblər.

Təlimin sonunda iştirakçılar CapCut proqramı vasitəsilə hazırladıqları videoları təqdim edərək, öyrəndikləri yeni bilikləri praktiki olaraq nümayiş etdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi, əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək, onların əmək bazarına inteqrasiyasını təmin etməkdir. Təlimlər mərhələli şəkildə davam edəcək və iştirakçılar gələcək mərhələlərdə əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmək şansı qazanacaqlar.

106 views