Buraxılış imtahanlarında iştirak edənlərin çoxu oğlanlar olsa da, qızlar nəticə baxımından onları geridə qoyub. Belə ki, imtahanlarda iştirak edən 101 min 401 nəfər şagirddən 53.2%-ni oğlanlar (53 948 nəfər), 46.8%-ni isə qızlar (47 453 nəfər) təşkil edib.
Sosilamedia.az məlumatına əsasən, buraxılış imtahanlarının təhlili ümumi nəticələr baxımından qızların, riyaziyyat fənnindən isə oğlanların bir qədər üstün olduqlarını göstərir. Bu, xüsusilə orta bal və sabitlik baxımından özünü göstərib.
Lakin yüksək riyazi bacarıqlı abituriyentlərin ixtisas seçiminə baxdıqda, fərqli tendensiya ortaya çıxır: bu kateqoriyaya daxil olan oğlanların 60.59%-i texniki yönümlü I ixtisas qrupunu seçib, qızlar arasında isə bu göstərici 42.05% olub.
Qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan abituriyentlərin sayı 9498 nəfər olub. Onlardan 3076 nəfəri isə 600-dən yuxarı nəticə göstərib. Bu yüksək nəticələri toplayanlar arasında da qızlar üstünlük təşkil edir.
Bəzi bölgələrdə attestatında “əla” qiymət olan oğlanların cəmi 39–45%-i bu göstəricini imtahanda doğrulda bilib. Qızlar isə bu nisbətdə daha sabit performans göstərərək öz hazırlıqlarını nəticə ilə təsdiqləyiblər.
47 views