Sosialmedia.az

Bağçalara qəbul BAŞLAYIR

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, iyulun 18-i saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.

Bildirilib ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Bundan əlavə, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, valideynlər www.bq.edu.az saytına daxil olaraq 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

32 views