Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda həssas sosial qrupa aid şəxslərin əmək bazarına inteqrasiyası” adlı sosial layihə uğurla davam edir. Layihə 01 may 2025-ci il tarixindən start götürüb və 3 ay müddətində Sumqayıt şəhərində həyata keçirilir.
Sosialmedia.az xəbər verir ki, layihə rəhbəri Mirzə Məmmədvəliyevin verdiyi məlumata görə, əsas məqsəd müharibə iştirakçıları, qazilər və əlilliyi olan şəxslər kimi həssas əhali qruplarının məşğulluq imkanlarını artırmaq, onların sosial reabilitasiyasına dəstək göstərmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir. Bu istiqamətdə iştirakçılara həm nəzəri, həm də praktiki biliklərin verilməsi nəzərdə tutulub.
İcra planına əsasən, layihənin ilk mərhələsində dərzilik kursları təşkil olunub və iştirakçılar ixtisaslı mütəxəssislərin rəhbərliyi ilə peşə bacarıqlarını inkişaf etdiriblər. Bu mərhələdə dərzilik kursu ilə yanaşı dizaynerlik kurslarına da start veriləcək. Dizaynerlik təlimləri 1 ay müddətində, həftədə 2 dəfə 2 saat olmaqla keçiriləcək. Təlim proqramına geyim dizaynı, material seçimi, rəng uyğunluğu, müasir trendlərin tətbiqi və kreativ yanaşma kimi mövzular daxildir.
Layihənin sonunda bütün iştirakçılara rəsmi sertifikatlar təqdim ediləcək. Sertifikatlar onların gələcəkdə əmək bazarına daxil olmasına, yeni iş imkanları qazanmasına və şəxsi biznes fəaliyyətinə başlamaqlarına ciddi dəstək verəcək.
Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi hesab edir ki, bu cür layihələr həssas sosial qrupların potensialını üzə çıxarır, onlara yeni üfüqlər açır və sosial-iqtisadi mühitdə aktiv rol almalarına şərait yaradır. Layihənin növbəti mərhələlərində də bu istiqamətdə genişmiqyaslı işlərin görülməsi planlaşdırılır.