Banklar kəşbeki azaldır, rüsumlar isə artır

Son illərdə Azərbaycanda bank kartları üzrə siyasətdə ciddi dəyişikliklər müşahidə olunur. Kredit limitlərinin azaldılması, kəşbek və bonusların zəifləməsi, köçürmələrdə əlavə rüsumların tətbiqi ictimai müzakirələrə səbəb olur. Bir vaxtlar kart istifadəsini artırmaq üçün müştəriləri stimullaşdıran bankların indi əks istiqamətdə addımlar atması istehlakçı davranışına və nağdsız ödənişlərin inkişafına necə təsir göstərəcək?

Sosialmedia.az Metbuat.az-a istinaden Bu suala cavab olaraq hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, komissiya haqlarının artması kartlardan imtina ilə nəticələnməyəcək:

“Azərbaycanda bir dövr var idi ki, kart vasitəsilə edilən ödənişlərə görə müştərilərdən ya heç komissiya tutulmurdu, ya da çox az tutulurdu. Bunun məqsədi insanları nağdsız ödənişlərə alışdırmaq idi. Bu məqsədə artıq nail olunub, insanlar nağdsız ödənişlərin rahatlığına öyrəşiblər.

 

Başqa bir məqam isə odur ki, bu prosesin mahiyyətini hamı tam dərk etmir, amma bank sektorunda işləyənlər yaxşı bilirlər. Ödəniş əməliyyatları banklar üçün xərclidir: işçi saxlanılır, infrastruktur qurulur, sistemlərə nəzarət olunur. İllər boyu bu xərclərin bir hissəsini banklar kompensasiya edirdi, çünki əsas gəlirləri kredit faizlərindən gəlirdi. Kreditlərdən qazandıqları vəsait hesabına ödəniş xidmətlərində komissiya haqlarını ya azaldır, ya da tətbiq etmirdilər. Hazırda komissiya haqlarının artırılması kimi addımlar vətəndaşların kart istifadəsindən imtina etməsinə səbəb olmayacaq. Banklar da bunu nəzərə alır”.

Əkrəm Həsənov qeyd edib ki, kredit faizlərinin azalması fonunda banklar artıq ödəniş xidmətləri üzrə komissiyaları artıraraq gəlirlərini kompensasiya etməyə çalışırlar:

“Son illərdə isə kredit faizləri müəyyən qədər aşağı düşüb. Bankların əvvəlki qədər gəliri yoxdur. Ona görə də artıq ödəniş xidmətləri üzrə komissiya haqlarını artırmaqla həm xərclərini bağlayır, həm də gəlir götürməyə çalışırlar. Üstəlik, banklar bilirlər ki, vətəndaşlar artıq nağdsız ödənişlərin üstünlüklərini qəbul ediblər və onlardan imtina etməyəcəklər. Qeyd edim ki, bu yalnız Azərbaycanda deyil, iqtisadi cəhətdən aparıcı ölkələrdə də kart əməliyyatları üzrə komissiya haqları kifayət qədər yüksəkdir. Çünki banklar yalnız kreditlərdən deyil, ödəniş xidmətlərindən də gəlir götürürlər

23 views