Sosialmedia.az

Körpələri xəstəliklərdən necə qoruyaq?- Pediatrdan AÇIQLAMA

Ötən il bir yaşa qədər körpələr ən çox tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sinir sisteminin və hissiyyat orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklərə də yoluxma sayı yüksəkdir.

Bəs körpələrdə belə xəstəliklərin yayılmasında səbəb nədir və bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev Sosialmedia.aza açıqlama verib.

“Körpələrin orqanizmi xəstəlik törədicilərə qarşı var gücü ilə müqavimət göstərə bilmədiyi üçün yaşından asılı olaraq, tənəffüs sistemi xəstəliklərinə daha tez tutulurlar”,- deyə pediatr bildirib.

Həkim körpələri yoluxucu xəstəliklərdən qorumaq üçün xüsusi qulluğun vacibliyini vurğulayıb:

“Uşaqlara düzgün qulluq edilməli, yoluxucu xəstəliklərdən qorumaq üçün onları insanların sıx olduğu yerlərdən uzaq tutmaq lazımdır. Məsələn, “40 çıxarma” kimi mərasimlərdə bu cür xəstəliklərə yoluxma riski körpələrdə artır”.

Vaqif Qarayev məsələ ilə bağlı valideynlərə xəbərdarlıq edib.

“Xüsusilə 1 aylığa qədər olan uşaqların qızdırması olduqda, həmçinin öskürək, boğulma, təngnəfəslik halları müşahidə edildikdə, dərhal həkimə müraciət edilməlidir. Bir sözlə, uşaqları özbaşına müalicə etmək olmaz”,- deyə həkim sonda vurğulayıb.

22 views