Mehriban Əliyeva, doğum günü, Birinci vitse-prezident, Heydər Əliyev Fondu, Azərbaycan, humanitar fəaliyyət, sosial layihələr, ictimai xadim, xeyriyyəçilik, şəhid ailələri, qadın liderlər

“Gələcək qızların təhsilindən başlayır”

Təhsilli qızlar güclü ailələrin, sağlam cəmiyyətin və dayanıqlı dövlətin əsasını təşkil edir. Onların savadı yalnız şəxsi həyatlarına deyil, bütöv millətin gələcəyinə sərmayədir.

Qızların təhsili ilə bağlı Sosialmedia.az-a açıqlamasında “Tərəqqi” medalı laureatı, Kommunikasiya və Dayanıqlı İnkişaf üzrə ekspert Liya Bayramova bildirib ki, qızların təhsili təkcə gender bərabərliyi məsələsi deyil, həm də davamlı inkişaf, sosial sabitlik və milli təhlükəsizlik üçün strateji investisiyadır:

“Beynəlxalq təşəbbüslər, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM), keyfiyyətli təhsil (DİM 4) və gender bərabərliyini (DİM 5) bir-biri ilə sıx bağlı hədəflər kimi irəli sürür. Qızların təhsildən kənarda qalması ədalətli və firavan cəmiyyət qurulmasını mümkünsüz edir. Qızlar təhsil aldıqları zaman bundan yalnız onlar yox, ailələr, icmalar və bütün dövlət faydalanır”.

Ekspertin sözlərinə görə, hər bir təhsil pilləsi qızların gələcək gəlirini artırır, erkən nikahların və yoxsulluğun qarşısını alır, həm də gələcək nəsillərə müsbət təsir göstərir:

“Təhsilli qadınlar övladlarının sağlamlığına və təhsilinə daha çox sərmayə qoyur, bu da nəsillər boyu dəyişiklik effekti yaradır. Beləliklə, qızların təhsili yoxsulluq dövrünü qırmaq və sosial davamlılığı gücləndirmək üçün ən güclü alətlərdən biridir”.

L.Bayramova qeyd edib ki, qızların müasir bilik və texnologiyalara çıxışı onların tədqiqatçı, STEM mütəxəssisi, sahibkar və qərarverici kimi formalaşmasına şərait yaradır.
Onlar cəmiyyətə yalnız yeni həllər deyil, həm də ədalət və bərabərlik kimi dəyərlər gətirirlər. Bu, milli suverenliklə birbaşa bağlıdır. Qadınların liderlik və intellektual potensialının reallaşdığı ölkə daha müstəqil olur və inkişaf strategiyasını özü müəyyənləşdirə bilir.

Ekspert vurğulayıb ki, qızların təhsilini ikinci dərəcəli məsələ kimi görmək olmaz, bu, milli prioritetdir.

“Məhz qızların təhsili sosial ədalətin möhkəmlənməsi, DİM-lərə nail olunması və ölkənin suverenliyinin təmin olunması üçün möhkəm təməl yaradır. Bu, yalnız ailənin şəxsi seçimi deyil, dövlətin strateji seçimidir”.

Liya Bayramova onu da əlavə edib ki, Azərbaycanda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva daim gender bərabərliyinin, qadınların hüquq və imkanlarının genişləndirilməsinin və keyfiyyətli təhsilin vacibliyini önə çəkirlər. Bu istiqamətdə müasir məktəblərin və inkişaf mərkəzlərinin yaradılması, regionlarda qızların rəqəmsal bacarıqlar və STEM sahələri üzrə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.

“Qızların təhsil imkanlarının bərabər təmin olunduğu ölkə uzunmüddətli güclü kadr, intellektual və liderlik potensialı formalaşdırır. Bu isə həm DİM-lərə nail olmağa, həm də milli suverenliyin möhkəmlənməsinə xidmət edir”.

Yazı “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.

29 views