Sosialmedia.az

Psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil olunub – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərində yerləşən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.

Sosialmedia.az xəbər verir ki, jurnalistlər müəssisədə göstərilən xidmətlərlə əyani tanış olublar. Onlara burada kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə aparılan reabilitasiya işləri, burada fəaliyyət göstərən şöbələrin iş prinsipləri, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə məlumat verilib.

Bildirilib ki, 3 mərtəbəli, 110 çarpayılıq müəssisədə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə sosial xidmət göstərilir. Burada hazırda 108 şəxs stasionar şəraitdə xidmətlə təmin olunur.

Psixonevroloji sosial xidmət müəssisəsinə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Müəssisədə sakinlərin yaşayış yeri, yemək və geyimlə, sosial-məişət, sosial-hüquqi xidmətlərlə təminatı həyata keçirilir, onlar üçün asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, ekskursiyalar və s. də təşkil olunur.

Hazırda Agentliyin Bakıda və bölgələrdə olmaqla 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 576 şəxs sosial xidmətlərdən yararlanır.

Sosialmedia.az
Sosialmedia.az

36 views