Bu gün təhsil müəssisələrində “valideyn komitəsi” adlı bir qurum fəaliyyət göstərir. Həmin qurumlar uşaqların təhsili ilə maraqlanmaq yerinə, müxtəlif tədbirlərin təşkili ilə məşğuldur. Belə ki, qurumda xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil edilir. Valideynlər isə “valideyn komitəsi-müəllim qruplaşma”sından sözün əsl mənasında əziyyət çəkir, buna bir son qoyulmasını tələb edirlər. Belə olan təqdirdə məktəblərdə valideyn komitələri ləğv edilə bilər?
Sosialmedia.az-a xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib ki, uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək, dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərinin, mənəvi dəyərlərin formalaşmasında, məsuliyyət, intizam tərbiyə edilməsində, məktəblilərin hüquq və estetik, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədi ilə ümumtəhsil məktəblərində valideyn komitəsi yaradılır:
“Məktəb və sinif valideyn komitələri öz işində ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnaməni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuranın qərarlarını, məktəb direktorunun və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur.
Qanunvericilik aktlarına görə Valideyn komitəsinin işinin məzmunu və vəzifələri bunlardır:
-uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə kömək göstərir;
-uşaqların vaxtında əsas icbari təhsilinin həyata keçirilməsində məktəbə və valideynlərə kömək göstərir;
-şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə kömək edir;
-məktəblərdə milli-əxlaqi və mənəvi dəyərlərin inkişaf etdirilməsi və bu prinsiplər üzrə yaşamaq üçün daxili tələbatın formalaşmasına, onlarda şüurlu intizam, davranış mədəniyyəti, böyüklərə hörmət tərbiyəsi üzrə məktəbin həyatında fəal iştirak edir;
-müəllim nüfuzunun artırılmasında, təlimə məsuliyyətli münasibət tərbiyəsində, məktəblilərin asudə vaxtının məzmunlu təşkilində məktəb və ailəyə kömək edir;
-özünəxidmət vərdişlərinin inkişafına, yeniyetmələrin məktəbdə və ailədə əmək tərbiyəsinin və peşəyönümü işinin təşkilinə imkan yaradır;
-məktəblilərin meyl və qabiliyyətlərini, valideynlərin arzularını nəzərə almaqla şagirdlərin təhsillərini başa çatdırmaq yollarını seçməkdə onlara kömək göstərir;
-valideyn ictimaiyyətini məktəb həyatında fəal iştirak etməyə, onların sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinə cəlb etməyə, şagird özünüidarəsinin inkişafına kömək göstərir;
-uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır;
-məktəbdə kitab fondunun zənginləşdirilməsinə kömək göstərir;
-məktəblilərdə zərərli adətlərin, uşaq nəzarətsizliyinin, qanun pozuntusunun profilaktikası üzrə işlərdə iştirak edir;
-məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərir”.
Ekspertin sözlərinə görə, hazırda bir çox məktəbdə “valideyn komitələri” adlı qurumlar fəaliyyət göstərir. Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir:
“Təəssüflər olsun ki, bu komitələr çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.
Amma xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır”.