Əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə SMM təlimlərinə start verdi – FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin icrasına başlayıb.

Bu barədə Sosialmedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların onlayn məşğulluq imkanlarına çıxışını təmin etmək və əmək bazarına inteqrasiyasını dəstəkləməkdir. Layihə çərçivəsində ilk təlim 23 may 2025-ci il tarixində təşkil olunub. Təlimi ƏSMİD ictimai Birliyinin sədri və layihə rəhbəri Səbinə Kərimova açaraq,iştirakçıları salamladı və layihə barədə geniş məlumat verdi. Sonra iştirakçılara təlmçi, QHT.az saytının admini, jurnalist Pərvanə Fərhadqızı təqdim etdi. Təlimçi Pərvanə Fərhadqızı tərəfindən iştirakçılar rəqəmsal bacarıqlar, onlayn platformalarda iş imkanları, elektron ticarət və rəqəmsal marketinq sahələrində ilkin biliklər təqdim olundu. Təlim zamanı iştirakçılar eyni zamanda fərdi inkişaf, motivasiya və effektiv ünsiyyət bacarıqları üzrə də məlumatlar əldə etdilər.

 

Layihənin məqsədi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların müstəqil şəkildə gəlir əldə etmələrini təmin etmək və inklüziv cəmiyyətin formalaşmasına töhfə verməkdir. Layihə boyunca iştirakçılara mentorluq xidməti də göstəriləcək, onlar fərdi dəstək alacaq və praktiki tapşırıqlarla bacarıqlarını təkmilləşdirəcəklər.

 

Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar son mərhələdə əldə etdikləri bilik və bacarıqlarla öz onlayn bizneslərini qurmaq və ya rəqəmsal sahədə iş tapmaq imkanı qazanacaqlar.

 

Qeyd edək ki, layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqlarla real onlayn məşğulluq imkanları əldə edəcək və uğur hekayələri əsasında ictimaiyyət məlumatlandırılacaq. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi bu layihə vasitəsilə inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin ictimai-iqtisadi həyatda aktiv iştirakına töhfə verməyi hədəfləyir.

259 views