“Səssizliyin Səsi Olaq!” – 1 İyun Uşaqlar Günündə Eşitmə Məhdudiyyətli Uşaqlar üçün bayram təşkil olundu. Bu barədə Sosialmedia.az-a Eşitmə Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Çingiz qızı məlumat verib.Onun sözlərinə görə “1 İyun – Uşaqlar Günü eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün tam fərqli, sevinc dolu bir təntənəyə çevrildi. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə həyata keçirilən “Səssizliyin səsi olaq!” adlı tədbir, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümid ağacı” loqopedik mərkəzin həssas sosial qrupundan olan uşaqlarına unudulmaz günlərindən birini bəxş etdi.
Tədbirin ən yadda qalan hissəsi isə Azərbaycanın ən böyük əyləncə şəbəkəsi Play10 -na məxsus olan Kinderland-da baş tutdu. Uşaqlar burada doya-doya əyləndi, oyun oynadı və özlərini cəmiyyətin ayrılmaz bir parçası kimi hiss etdilər.
Uşaqların şənliyi Papa John’s rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan ləzzətli naharla davam etdi. Gözəl sürprizlərdən biri də Milla şirkətinin təqdim etdiyi hədiyyələr oldu – bu hədiyyələr uşaqların sevincini ikiqat artırdı.
Tədbirin məqsədi yalnız əyləncə ilə məhdudlaşmadı. Burada iştirak edən uşaqlar öz hüquqları, cəmiyyətə inteqrasiya yolları və şəxsi bacarıqları haqqında maarifləndirildi. Onlar həm oynadı, həm öyrəndi – bu, onların gələcəyə daha güvənli və inamla addımlamalarına zəmin yaratdı.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, BRAVO marketlər şəbəkəsi olaraq inanırıq ki, hər bir uşaq, səsi eşidilsin deyə yox, duyulsun deyə var. Bu yolda atdığımız hər bir addım, cəmiyyətimizdə inklüzivliyin, bərabərliyin və sevgiyə əsaslanan birlik ruhunun möhkəmlənməsinə xidmət edir.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai birliyi olaraq eşitmə məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi və inkişafı üçün daima çalışırıq. Bu gün biz bir daha bildiririk ki, bütün uşaqlar sevilməyə, qorunmağa və dəstək görməyə layiqdir!”
Uşaqların hüquqla qorunan azad, təhlükəsiz və bərabər imkanlı cəmiyyətdə böyüməsi – suveren dövlətimizin sabit və dəyərli gələcəyinin əsasını təşkil edir. Gələcəyimiz olan uşaqların yanında olaq! Onların səsini duyaq, onların dünyasını anlayaq!