Sosialmedia.az

Avtobus sürücüləri ilə bağlı yenilik- qadınlar idarə edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına start verib.

Sosilmedia.az  AYNA-ya istinadən xəbər verir ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusilə aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən, sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdə peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.

Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunur. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanırlar.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.

“AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu, həm də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinə böyük töhfə verir”, – deyə məlumatda qeyd olunub

12 views