Sumqayıtda inklüziv gənclik festivalı keçirildi

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin dəstəyi ilə “Gənclər Paytaxtı Sumqayıt – 2025” ili çərçivəsində 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər Paytaxtında Birlikdə!” adlı inklüziv gənclik festivalı təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, 12 avqust 2025 – ci il tarixində Sumqayıt şəhərində keçirilən festivalda yoga, fiqur boyama, voleybol, şahmat, dama və digər əyləncəli-idman fəaliyyətləri gənclərin aktiv iştirakı ilə baş tutub. Festivalın əsas məqsədi gənclərin sosial inteqrasiyası və inklüziv dəyərlərin təşviqi olub.

Tədbirin sonunda əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, bilik yarışları və müxtəlif müsabiqələr keçirilib. Qalib iştirakçılar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıblar.

Beynəlxalq Gənclər Gününə həsr olunan bu tədbir həm mədəni, həm də sosial əhəmiyyət daşıyaraq, gənclər arasında birlik, bərabərlik və fəallığı təşviq edib.

Əlili Yusif

60 views