Sosialmedia.az

Əlilliyi olan şəxslərin inklüziv məşğulluğu üçün yeni imkanlar – AÇIQLAMA

Əmək bazarının sürətlə dəyişdiyi müasir dövrdə hər bir fərdin bacarıqlarının inkişafı və yeni peşələrə uyğunlaşması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Gələcəyin Peşələri Sammiti” əmək bazarının yeni çağırışlarına uyğun bacarıqların formalaşdırılmasını hədəfləyir. Bu təşəbbüs həm də inklüzivlik baxımından mühüm rol oynayır — xüsusilə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və onların cəmiyyətə inteqrasiyası üçün yeni perspektivlər yaradır.

Sosialmedia.az

Bu mövzu ətrafında QHT.az “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova ilə həmsöhbət olub. QHT sədrinin sözlərinə görə, bu təşəbbüs çox vacib və zamanın tələblərinə cavab verən bir addımdır. Əmək bazarı sürətlə dəyişir, yeni texnologiyalar və rəqəmsal platformalar formalaşır, bir çox ənənəvi peşələr isə aktuallığını itirir. Əlilliyi olan şəxslər bu dəyişikliklərdən ən çox təsirlənən qruplardandır. Bu baxımdan, onların yeni ixtisaslar, rəqəmsal bacarıqlar və innovativ sahələr üzrə təlim imkanları ilə təmin olunması, iş tapmaq şanslarını xeyli artırır:

“Həm də bu sammit təkcə peşə bacarıqlarının öyrədilməsi ilə məhdudlaşmır, həm də inklüzivlik mesajı daşıyır. Əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi göstərir ki, hər kəsin bacarığından istifadə etmək mümkündür. Bu, həm stereotiplərin qırılmasına, həm də cəmiyyətin daha tolerant olmasına xidmət edir. Əlavə olaraq, onlar üçün yaradılan imkanlar özünəinamı artırır və sosial həyatda daha fəal iştirak etməyə stimul verir. Praktiki baxımdan əlilliyi olan şəxslərin məşğulluğunu artırmaq üçün vacib olan, onların təlim və inkişaf prosesinə çıxışı asanlaşdırılmalıdır. İkinci mühüm addım isə işəgötürənlərin maarifləndirilməsidir, əlilliyi olan şəxslərin iş mühitinə uyğunlaşa bilməsi üçün bəzən çox kiçik dəyişikliklər kifayətdir. Bundan başqa, dövlət dəstəyi və stimullaşdırıcı mexanizmlər də mühüm rol oynayır. Əgər əlilliyi olan şəxslər müasir bacarıqlarla təmin olunarsa, onların iş həyatına qoşulması daha sürətli və davamlı olar”.

QHT sədri əlavə edib ki, bu sammit əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından çox üstünlük gətirə bilər:

“Mənim fikrimcə, ən səmərəli yol davamlı təlim və mentorluq sisteminin qurulmasıdır. Sadəcə bir dəfə keçirilən tədbirlər kifayət deyil. Əlilliyi olan şəxslərin daim yeni trendlərə uyğun bacarıqlarla təchiz olunması, onların təcrübəli mütəxəssislərlə birgə işləməsi çox vacibdir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və uğurlu təcrübələrin Azərbaycana gətirilməsi də böyük önəm daşıyır. Düşünürəm ki, Sammit kimi təşəbbüslər əlilliyi olan şəxslərin məşğulluq imkanlarını artırmaqla yanaşı, onların sosial inteqrasiyasına və iqtisadi inkişafda fəal rol oynamasına şərait yaradacaq”.

906 views