Sosialmedia.az

Alphabet süni intellekt investisiyalarını artırmaq üçün 80 milyard dollar cəlb edəcək

“Google”un sahibi olan Alphabet şirkəti süni intellekt infrastrukturunun genişləndirilməsi məqsədilə 80 milyard dollar həcmində vəsait cəlb etməyi planlaşdırır.

Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, maliyyələşdirmə paketinə investor milyarder Uorren Baffetin rəhbərlik etdiyi Berkshire Hathaway şirkətinin 10 milyard dollarlıq investisiyası da daxildir.

Məlumata əsasən, Berkshire Hathaway özəl yerləşdirmə çərçivəsində Alphabet-in 10 milyard dollar dəyərində səhmlərini alacaq. Bunun 5 milyard dolları Class A, digər 5 milyard dolları isə Class C səhmlərindən ibarət olacaq.

Alphabet süni intellekt texnologiyalarına artan tələbatı qarşılamaq məqsədilə investisiyalarını genişləndirir. Şirkət daha əvvəl 2026-cı il üzrə kapital xərcləri proqnozunu 180–190 milyard dollar aralığınadək yüksəltmişdi.

Analitiklərin fikrincə, Berkshire Hathaway-in investisiyası Alphabet-in uzunmüddətli süni intellekt və bulud texnologiyaları strategiyasına mühüm etimad göstəricisi hesab olunur.

Qeyd edək ki, Berkshire Hathaway son aylarda Alphabet-dəki payını əhəmiyyətli dərəcədə artırıb. Şirkətin Google-un ana müəssisəsinə yatırdığı investisiyanın həcmi artıq 16,6 milyard dollara çatıb və bu, holdinqin ən böyük səhm investisiyalarından birinə çevrilib.

125 views