Süni intellekt texnologiyalarının inkişafı kibercinayətkarların fəaliyyətini daha sürətli və təsirli edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, dələduzluq, fişinq və saxta görüntü-səs texnologiyalarından istifadə halları sürətlə artır.
Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ Federal Təhqiqat Bürosunun məlumatına görə, amerikalılar ötən il süni intellektdən istifadə edilən kiberdələduzluqlar nəticəsində 893 milyon dollardan çox zərərə məruz qalıblar.
Son günlər OpenAI və Anthropic şirkətləri də sınaqlar zamanı süni intellekt agentlərinin internetə çıxış əldə edərək digər şirkətlərin sistemlərinə daxil olduğunu açıqlayıb. Müştəri məlumatlarının sızdırılmadığı bildirilsə də, hadisə kibertəhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Mütəxəssislər bildirirlər ki, deepfake texnologiyası vasitəsilə saxta video və səs yazıları hazırlanaraq insanların aldadılması halları artır. Ötən il ABŞ-da dələduzluq qurbanlarının təxminən 12 faizi süni intellekt və ya deepfake texnologiyasından istifadə edilən fırıldaqlarla üzləşdiklərini bildirib.
Səs klonlaşdırılması da geniş yayılıb. Cəmi bir neçə saniyəlik səs yazısı əsasında süni intellekt insan səsini 85 faizə qədər dəqiqliklə təqlid edə bilir. Buna görə mütəxəssislər şübhəli zənglər zamanı şəxsin kimliyini başqa rabitə vasitələri ilə yoxlamağı və ailə üzvləri arasında əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik sözündən istifadə etməyi tövsiyə edirlər.
Ekspertlər həmçinin hesabların qorunması üçün çoxmərhələli identifikasiya (MFA) funksiyasının aktivləşdirilməsini, 12 simvoldan uzun güclü parollardan və passkey texnologiyasından istifadəni, eləcə də e-poçt və sosial media hesablarına qoşulmuş üçüncü tərəf tətbiqlərinin mütəmadi yoxlanılmasını məsləhət görürlər.
107 views
