Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və daha sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sərnişinlər “Bakı Metropoliteni” QSC-nin “Avtovağzal” stansiyasından ödənişsiz istifadə edə bilirlər. Bununla da “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metro xidmətindən yararlanmaq mümkündür.
“Avtovağzal” metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkanından daha rahat yararlanması üçün ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.
AYNA-nın məlumatına görə, ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək üçün yeni nəqliyyat həlli tətbiq edilib.
Əvvəllər “Avtovağzal” stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə hərəkət etdikdən sonra Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.
Yeni avtobus zolağının təşkili nəticəsində avtobusların hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.
Qeyd edilib ki, yeni nəqliyyat həlli avtobusların hərəkət sürətinin artırılmasına, vaxt itkisinin azaldılmasına və sərnişinlərin daha rahat daşınmasına imkan verəcək.
175 views
